Bakıda Azərbaycan ilə Ukrayna arasında ikitərəfli turizmin inkişafına həsr olunmuş mətbuat konfransı keçirilmişdir
Bakı, 11 aprel (AZƏRTAC). “İnterfaks-Azərbaycan” mətbuat mərkəzində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, Krım Muxtar Respublikası kurortlar və turizm naziri Nikolay Marinov və “Dnepr-Beskid” sanatoriya-mehmanxana kompleksinin (Truskavets) direktoru Aleksandr Çebanenkonun mətbuat konfransı keçirilmişdir.
Aleksandr Mişşenko jurnalistləri Ukraynanın Baş naziri Nikolay Azarovun bu yaxınlarda Azərbaycana səfərinin nəticələri ilə tanış etmişdir. Bildirilmişdir ki, iki ölkə arasında iqtisadi münasibətlərin, o cümlədən turizmin inkişafını nəzərdə tutan ikitərəfli əməkdaşlığa dair beş illik plan imzalanmışdır.
A.Mişşenko ikitərəfli əməkdaşlıq məsələlərinə toxunaraq demişdir ki, yayda Ukraynada Azərbaycan Mədəniyyəti Günləri, gələn il isə Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcəkdir.
Ukrayna səfiri bildirmişdir ki, aprelin 18-19-da Ukrayna parlamentinin sədri Vladimir Litvinin Azərbaycana səfəri nəzərdə tutulmuşdur.
Krımın kurort və turizm naziri Nikolay Marinov yarımadanın 2020-ci ilədək inkişaf strategiyası barədə məlumat vermişdir. Sənəddə sanatoriya-kurort kompleksinin modernləşdirilməsi, turizm infrastrukturunun yenilənməsi nəzərdə tutulur. Krım ərazisində 3500-dən çox hotel, pansionat, istirahət evi, 240 sanatoriya fəaliyyət göstərir. Krımın Kurort və Turizm Nazirliyi Bakını prioritet tərəfdaş regionlardan biri hesab edir. Söhbət Bakı ilə Krım arasında ikitərəfli turizm axınının inkişafından gedir. Nazirlik azərbaycanlı tərəfdaşlara Krımın bütün KİV-lərində reklama 80 faiz güzəşt təklif edir. Bundan əlavə, Krım Bakıdan gələn turistlər üçün xüsusi tibb proqramları və turizm ekskursiyaları təklif etməyə hazırdır.
Sonda qonaqlar jurnalistlərin suallarına cavab vermişlər.