BAKIDA BEYNƏLXALQ KONFRANSIN 2-Cİ İCLASI KEÇİRİLMİŞDİR
Məqsəd silahların, radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün daha səmərəli metod və vasitələrin tapılması, qarşılıqlı təcrübə mübadiləsi aparılması, müvafiq qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı tövsiyələrin, metodik təkliflərin işlənib hazırlanması və birgə tədbirlərin həyata keçirilməsidir.
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Fərhad Tağızadə iclası açaraq, respublikamızda silah, sursat və radioaktiv materialların qanunsuz daşınmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər, mövcud qanunvericilik bazası, ölkəmizin qoşulduğu beynəlxalq konvensiya və layihələr barədə məlumat vermiş, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dövlət sərhədlərimizin 130 kilometrdən artıq hissəsinin nəzarətsiz qaldığını, Dağlıq Qarabağın separatçı rejim tərəfindən narkotik, silah qaçaqmalçılığı bazasına çevrildiyini diqqətə çarpdırmışdır. Beynəlxalq ictimaiyyətin, nüfuzlu təşkilatların bu məsələyə öz münasibətini bildirməsinin vacibliyi vurğulanmışdır.
Sonra iclas “dəyirmi masa” arxasında davam etdirilmiş, ötən ilin avqustunda Bakıda keçirilmiş 1-ci iclasdan sonra görülən tədbirlər barədə hesabat və ayrı-ayrı iştirakçı ölkələrin məsələ ilə əlaqədar gördükləri işlərə dair məlumatları dinlənilmişdir.
İclas iştirakçıları oktyabrın 20-də Azərbaycan-Rusiya sərhədində silah, sursat və radioaktiv materialların qanunsuz daşınmasına nəzarət üzrə xüsusi texniki vasitələrlə tanış olacaq, onların istifadəsinə, tətbiqinə baxış keçirəcəklər.