BAKIDA BEYNƏLXALQ NƏQLİYYAT, TRANZİT VƏ LOGİSTİKA SƏRGİSİ AÇILMIŞDIR
Avtomobil, dəmir yolu, hava, dəniz nəqliyyatı, limanlar və terminallar, gəmiqayırma, logistika, yükləmə-boşaltma avadanlığı, neftdaşıma, aviasiya sənayesi və s. bölmələrdən ibarət sərgidə dünyanın 6 ölkəsindən 41 şirkət təmsil olunur. Ötən illə müqayisədə sərginin ekspozisiyası 40 faiz genişlənmişdir. İştirakçıların yarıya qədəri yerli şirkətlərdir.
Açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Suleyman Tatlıyev, TRASEKA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev və başqaları vurğuladılar ki, son illər Bakıda keçirilən nəqliyyat sərgilərinə marağın artması ölkəmizin iqtisadiyyatının sürətli inkişafı və nəqliyyat sahəsindəki nailiyyətlərlə bağlıdır. Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizin tranzit inkanlarını genişləndirmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda nəqliyyat infrastrukturunu gücləndirmək və beynəlxalq nəqliyyat dəhlizlərini inkişaf etdirmək sahəsində gördüyü işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə nəqliyyat bölməsinin kompleks inkişafına xüsusi diqqət göstərilir. Bu sahənin inkişafı Azərbaycanın tranzit imkanlarına beynəlxalq marağı daha da artırmışdır.
Sərgi mayın 20-dək davam edəcəkdir.