Bakıda Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir
Bakı, 11 oktyabr (AZƏRTAC). Bu ildən etibarən Bakıda keçirilən beynəlxalq tədbirlərə biri də əlavə olunacaqdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 20-dən 25-dək birinci Bakı Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və müəllifləri həvəsləndirməkdir. Festival, eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoymuşdur.
Ümumilikdə yeddi kateqoriyada keçiriləcək festivalda hər kateqoriya üzrə ilk üç yerə layiq görülən filmlərə priz və pul mükafatları veriləcəkdir. Festivalın ən yaxşı filmi “Qran-pri” mükafatı ilə təltif olunacaqdır.
Təşkilat komitəsinə 41 ölkədən 250 film daxil olmuşdur. Filmlər kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcəkdir.
Birinci Bakı Beynəlxalq turizm filmləri festivalı çərçivəsində müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında fikir mübadilələri həyata keçiriləcəkdir.
Festivalın rəsmi sponsoru “Garant Holding”, sponsoru “Nar Mobile”, rəsmi tərəfdaşı “JW Marriot Absheron Baku Hotel”, informasiya dəstəkçiləri İctimai TV, APA və day.az saytıdır.