BAKIDA BİLYARD İDMANI ÜZRƏ VII AVROPA ÇEMPİONATI AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 15-də Olimpiya İdman Kompleksinin kiçik zalında bilyard idmanı üzrə (“Azad piramida”) VII Avropa çempionatının rəsmi açılış mərasimi olmuşdur.
Çempionatın təşkilatçıları Gənclər və İdman Nazirliyi, Piramida üzrə Avropa Komitəsi (PAK) və Azərbaycan Bilyard İdmanı Federasiyasıdır.
Mərasimdən əvvəl Azərbaycan dövlət himni səsləndirilmişdir.
Bilyard idmanı üzrə qitə birinciliyinin Azərbaycanda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarışda iştirak edən idmançılar üçün hər cür şəraitin yaradıldığını bildirmişdir.
Nazir müavini demişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra məhz ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində idmanın inkişafına güclü təkan verilmiş, bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikanın bütün bölgələrində müasir avadanlıqla təchiz edilmiş olimpiya idman komplekslərinin istifadəyə verilməsi gənc idmançılarımızın peşəkarlığının artırılmasında, onların beynəlxalq yarışlara hazırlaşmalarında mühüm rol oynamışdır.
Ölkəmizdə mütəmadi keçirilən beynəlxalq turnirlər, həmçinin idmançılarımızın Avropa və dünya səviyyəli yarışlardakı uğurlu çıxışları respublikada idmanın inkişafına göstərilən qayğının təzahürüdür.
Piramida üzrə Avropa Komitəsinin prezidenti Aleksandr Sokolov Avropa çempionatının Azərbaycanda keçirilməsinin heç də təsadüfi hadisə olmadığını vurğulamış, buna əsas səbəb kimi ölkə idmançılarının beynəlxalq turnirlərdəki qazandıqları yüksək nəticələri nümunə göstərmişdir.
Azərbaycanın bilyard ustalarının Avropa miqyasında yaxşı tanındığını söyləyən A.Sokolov idmançılarımızın bu çempionatda da mükafatçılar sırasında olacaqlarına əminliyini bildirmişdir. Yarışın Bakıda keçirilməsinin əhəmiyyətindən danışan qonaq qeyd etmişdir ki, bütün bunlar həm də bilyard oyununun əhalinin bütün təbəqələri arasında yayılması və təbliği məqsədini güdür.