Bakıda “Böyük energetika sistemlərinin etibarlılığının tədqiqinin metodik məsələləri” mövzusunda beynəlxalq elmi seminar keçirilir
Bakı, 19 sentyabr (AZƏRTAC). Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin L.A.Melentyev adına Energetika Sistemləri İnstitutu və Azərenerji ASC Azərbaycan Elmi - Tədqiqat və Layihə - Axtarış Energetika İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Y.N.Rudenko adına Beynəlxalq elmi seminar öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq “Böyük energetika sistemlərinin etibarlılığının tədqiqinin metodik məsələləri” mövzusunda keçirilən beynəlxalq seminarın Bakı şəhərində təşkil olunmuş 84-cü iclası bazar münasibətləri şəraitində energetika sistemlərinin etibarlılıq problemlərinə həsr olunmuşdur.
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin L.A.Melentyev adına Energetika Sistemləri İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü N.Voropayın və Azərbaycan Elmi - Tədqiqat və Layihə - Axtarış Energetika İnstitutunun direktoru professor N.Yusifbəylinin həmsədrliyi ilə keçirilən seminarın işində azərbaycanlı alimlərlə yanaşı, Rusiyadan, Ukraynadan, Belarusdan, Moldovadan və Qazaxıstandan 70-dən yuxarı alim və mütəxəssis iştirak edir. Seminar iclaslarında 80-dən yuxarı elmi məruzənin dinlənilməsi və energetika üzrə 3 dissertasiya işinin müzakirəsi nəzərdə tutulub. Seçilmiş məruzələr toplusu kitab şəklində çap olunacaqdır.
Seminar iştirakçıları Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Elektrik Stansiyasında da olmuşlar.
Beynəlxalq seminarın keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyə və təşkilati dəstək göstərilir. Seminar 21 sentyabr tarixinədək davam edəcəkdir.