BAKIDA DÜNYA ƏTRAF MÜHİT GÜNÜ MÜNASİBƏTİLƏ KÜTLƏVİ AĞACƏKMƏ KOMPANİYASI KEÇİRİLMİŞDİR
Bakı, 3 iyun (AZƏRTAC). Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) 2010-cu ildə Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün İtaliyanın Genuya, İsveçrənin Cenevrə və Bakını mərkəz şəhərlər elan etmişdir.
Əlamətdar gün münasibətilə BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru Kristof Buvye Azərbaycana gəlmişdir.
Qonaq iyunun 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Zığ - Heydər Əliyev adına Beynəlxalq hava limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində keçirilən kütləvi ağacəkmə kampaniyasına qoşulmuşdur.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir ki, ölkəmizdə ekologiyanın qorunması sahəsinə dövlət tərəfindən diqqət və qayğı göstərilir. 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması bunun bariz nümunəsidir. “Ekologiya ili” çərçivəsində neftlə çirklənmiş torpaqları və çirkab suların təmizlənməsi, bərk tullantıların idarə edilməsi sahəsində bir sıra böyük layihələr həyata keçirilir.
Eyni zamanda, respublikada 8 milyona yaxın ağac əkilmişdir ki, bunlardan 1,6 milyonu Abşeron yarımadasında, 900 minə yaxını isə ETSN tərəfindən əkilmişdir. Ağacların 85-90 faizi tutmuşdur. Nazir bildirmişdir ki, ağacların əkilməsi ilə yanaşı onlara davamlı olaraq qayğı göstərilməsi də vacibdir.
H.Bağırov Azərbaycanda həyata keçirilən ekoloji siyasət nəticəsində ölkəmizin qısa zamanda dünyada ekoloji cəhətdən ən uğurlu ölkəyə çevriləcəyinə əminliyini ifadə etmişdir.
Ekoloqlar, dövlət və qeyri-hökumət təşkilatları, diplomatik korpusun nümayəndələrinin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşlarının və jurnalistlərin iştirakı ilə keçirilmiş aksiya zamanı zeytun, şam, sərv və tuya ağacları əkilmişdir.
Tədbirdə ETSN, Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası tərəfindən jurnalistlər arasında ekoloji mövzuda təşkil olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışdır.
######
