Bakıda “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda tədbir keçirilib VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), İsrail Dövlətinin Azərbaycandakı səfirliyi və Tolerantlıq Evinin birgə təşkilatçılığı ilə Holokost Qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunan “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən BBMM-in müşaviri, professor Aytən Qəhrəman bildirib ki, tədbirin keçirilməsində məqsəd Holokost faciəsinin tarixi mahiyyətini xatırlatmaq, bu bəşəri cinayətə müasir baxışları müzakirə etmək, soyqırımı, islamofobiya, antisemitizm, nifrət nitqi və ksenofobiya kimi təhlükəli tendensiyalara diqqət yönəltmək, həmçinin tolerantlıq, multikulturalizm və birgəyaşayış dəyərlərinin qorunmasının vacibliyini vurğulamaqdır.
BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasovun moderatorluğu ilə davam edən tədbirdə İsrail Dövlətinin ölkəmizdəki səfiri Ronen Krausz qeyd edib ki, Holokost XX əsrin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, bütün bəşəriyyət üçün ağır bir dərsdir. Onun sözlərinə görə, altı milyon yəhudinin sistemli şəkildə məhv edilməsi yalnız bir xalqın deyil, ümumbəşəri dəyərlərin hədəf alınması idi. Səfir vurğulayıb ki, Holokostun xatırlanması yalnız keçmişə ehtiram deyil, eyni zamanda, gələcək üçün məsuliyyətdir.
BMT-nin Rezident Əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç bildirib ki, BMT antisemitizmə, islamofobiyaya, irqçilik və ksenofobiyaya qarşı qlobal səviyyədə ardıcıl mübarizə aparır. Bu baxımdan maarifləndirmə, tarixi yaddaşın qorunması və gənc nəslin dözümlülük ruhunda tərbiyəsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bu faciənin unudulması nifrət ideologiyalarının yenidən baş qaldırmasına şərait yarada bilər.
Milli Məclisin deputatları Fazil Mustafa və Anatoliy Rafailov qeyd ediblər ki, müasir dövrdə nifrət zəminində törədilən cinayətlərin və ayrı-seçkiliyin qarşısının alınması yalnız mənəvi çağırışlarla məhdudlaşmamalı, ardıcıl və məqsədyönlü dövlət siyasəti ilə müşayiət olunmalıdır. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında etnik və dini müxtəlifliyin qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə ictimai sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.
Digər çıxış edənlər, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski vurğulayıblar ki, faciə dini, etnik və irqi nifrətin hansı fəlakətli nəticələrə gətirib çıxardığını açıq şəkildə nümayiş etdirir. Bütün dinlər insan həyatının müqəddəsliyini, mərhəmət, ədalət və qarşılıqlı hörmət dəyərlərini təbliğ edir və bu prinsiplər zorakılıq, ayrı-seçkilik və nifrət ideologiyaları ilə qəti şəkildə ziddir. Bu baxımdan dini liderlərin cəmiyyətdə dialoqun, qarşılıqlı anlayışın və sülhün təşviqində xüsusi rolu olduğu qeyd olunub.
Natiqlər Azərbaycanın multikultural və tolerant cəmiyyət modelini yüksək qiymətləndirərək, müxtəlif din və millətlərin nümayəndələrinin ölkəmizdə əsrlər boyu sülh və qarşılıqlı etimad şəraitində yaşadığını bildiriblər.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2005-ci il noyabrın 1-də qəbul etdiyi qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur.