BAKIDA İRAN İSLAM İNQİLABININ 25 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR
Sərgidə İranda Azərbaycan və fars dillərində nəşr olunmuş çoxlu kitab, eləcə də təsviri sənətin müxtəlif janrlarında qonşu ölkənin rəssamlarının əl işləri nümayiş etdirilir. Onların arasında soy-kökü Gəncəyə bağlı, 86 yaşlı Hüseyn Kəlağıçı Gəncəvinin müxtəlif ornamentlərlə toxuduğu parçalar, mozaika ustası Qulam Nəsiri Hatəmabadın əsərləri diqqəti daha çox çəkir.
İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin təşkilatçılığı ilə keçirilən sərginin açılışında hər iki ölkənin dövlət himni sələndirilmişdir.
Səfir Əhəd Qəzai, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Hüseyn Kəlağıçı Gəncəvi çıxış etmiş, ümummilli liderimiz Heydər Əliyevin İrana səfərindən sonra əlaqələrimizin daha da genişləndiyini və möhkəmləndiyini bildirmişlər. İran İslam İnqilabının ildönümünün bu gün Azərbaycanda geniş qeyd olunması dövlətlərimizin müstəqilliyinin bəhrəsi kimi qiymətləndirilmiş, ulu öndərimizin bu istiqamətdəki siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi minnətdarlıq hissi ilə vurğulanmışdır.
İrandan gəlmiş musiqi kollektivinin ifasında mahnılar ifa olunmuşdur.