BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 10-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 17 tondan çox məhsul təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, məhsulların qiymətləri bazardakından 20-25 faizə qədər ucuzdur. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kök, kələm, çuğundur, soğan, kartof və alma 30-60 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Arzu Tanrıquliyev bu dəfə 2 tondan çox kartof, soğan, kələm, bal, yerkökü və çuğundur gətirmişdir. O, məhsulları münasib qiymətə satır və yaradılan şəraitdən razılığını bildirir.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, burada satışa Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 80 tondan artıq meyvə-tərəvəz çıxarılmışdı.
Yaradılan əlverişli şəraitdən bəhrələnib ailə büdcələrinə xeyli qənaət etmək imkanı qazanan paytaxt sakinləri yarmarkada mövsümi meyvə və tərəvəz məhsullarının qiymətlərinin bazarlara nisbətən xeyli ucuz olmasından razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, burada alıcılara 264 tondan artıq kənd təsərrüfatı məhsulları təklif olunur. Yarmarkaya Quba, Ağcabədi, Kürdəmir, Biləsuvar, Qax rayonlarından gətirilmiş məhsulların qiymətləri bazardakından 20-25 faiz ucuzdur.
Havaların xoş keçməsi Suraxanı rayon sakinlərinin “Günəş” ticarət mərkəzindəki və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalara axınını gücləndirmişdi. Alıcılar yarmarkalardan əlidolu, razılıqla çıxırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, sakinlərə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən rayonlarından gətirilmiş 68 ton məhsul təklif olunur. Burada məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi, xüsusilə mövsümi meyvə və tərəvəzin çox olması qiymətlərə də təsir göstərmişdi. Kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, fındıq, üzüm, eləcə də sitrus meyvələri - feyxoa, naringi, kivi və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılır. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada satışa 15 tona yaxın kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə alıcılara Goranboy, Bərdə və Ağstafadan gətirilmiş keyfiyyətli və bazarlardakından xeyli ucuz meyvə-tərəvəz, bostan məhsulları təklif olunurdu.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından məhsul gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, alıcılara 50 tona yaxın meyvə-tərəvəz, Giləzi və Goradil broyler fabriklərindən gətirilmiş 10 mindən çox yumurta təklif olunur. Yarmarkada payız mövsümü üçün xarakterik olan məhsullar üstünlük təşkil edirdi.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
