BAKIDA “NATO/SNT ETİMAD FONDLARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, iyunun 26-da Bakıda “NATO həftəsi” çərçivəsində “NATO/SNT Etimad Fondları” mövzusunda seminar işə başlamışdır.
Azərbaycanda ilk dəfə təşkil olunmuş bu tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərdən, Aralıq Dənizi Dialoqu və digər ölkələrdən 70-dək nümayəndə iştirak edir.
Seminarda NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons çıxış edərək Etimad Fondları layihələrinin əhəmiyyətindən və vacibliyindən danışmışdır.
R.Simmons bildirmişdir ki, indiyədək Azərbaycanda dəyəri 40 milyon avro olan 20 layihə həyata keçirilmişdir. Layihə fəaliyyətə başlayandan bəri Avropa və Orta Asiya ölkələrində 4 milyondan çox mərmi zərərsizləşdirilmişdir.
Azərbaycan Respublikası Ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bildirmişdir ki, NATO/SNT Etimad Fondları layihələrindən biri Ağstafa rayonunun Saloğlu kəndində ərazinin sursat və mərmilərdən təmizlənməsi üzrə həyata keçirilir. “Saloğlu SNT Etimad Fondu” layihəsinin əhəmiyyətindən danışan N.İsmayılov vurğulamışdır ki, Türkiyə rəhbər dövlət olmaqla 2003-cü ildən etibarən Azərbaycanda “NATO/SNT Etimad Fondları” layihəsi reallaşdırılır. Layihə 600 hektardan artıq bir ərazinin sovet ordusundan miras qalmış sursatlardan təmizlənməsi və mərmilərin zərərsizləşdirilməsini nəzərdə tutur.
Seminarda çıxış edən Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Kamil Xasıyev demişdir ki, bu problemin aradan qaldırılmasında NATO-nun Azərbaycana göstərdiyi dəstək alyansla ölkəmiz arasında mövcud əməkdaşlığın göstəricisidir.
Türkiyənin ölkəmizdəki səfirinin müavini Erkan Özoral Azərbaycanla əməkdaşlığın vacibliyindən danışaraq vurğulamışdır ki, respublikamız beynəlxalq təhlükəsizlik sisteminə böyük töhfələr vermişdir. Sovet dövründən miras qalmış bu humanitar, sosial-iqtisadi və ekoloji xarakterli problem NATO-ya üzv və tərəfdaş dövlətlərin birgə səyləri nəticəsində yaxın vaxtlarda öz həllini tapacaqdır.
Tədbirdə ANAMA-nın minatəmizləmə əməliyyatlarında istifadə olunan ən müasir avadanlığı nümayiş etdirilmişdir.
Seminar iyunun 27-də işini davam etdirmişdir.