Bakıda on birinci Azərbaycan beynəlxalq təhsil sərgisi açılıb VİDEO
Bakı, 6 oktyabr, M.Dadaşov, E.Hüseynov, AZƏRTAC
Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub. Açılış mərasimində ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan beynəlxalq təhsil sərgisinin keçirilməsinin artıq ənənə halı aldığını bildirib. Vurğulanıb ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazirliyin stendləri bu il daha geniş sahəni əhatə edir.
Nazir sərginin təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib. 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edildiyini xatırladan M.Cabbarov bu hədəfin təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirmək məqsədi daşıdığını bildirib.
“CEO” şirkətinin direktoru Edvard Stroun sərginin “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkilinin təsadüfi olmadığını diqqətə çatdırıb. O deyib: “Müasir dövrdə insan ən böyük kapitaldır”. E.Stroun sözlərinə görə, sərgi dünyanın 24 ölkəsindən 144 iştirakçını bir araya gətirib. Bildirilib ki, sərgidə xarici ölkələrin təhsil proqramları təqdim olunur. Bu, azərbaycanlı gənclərə xaricdə təhsil almaları üçün geniş imkanlar yaradacaq.
Sonra sərgiyə baxış keçirilib.
Sərgidə iştirakçılara “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil - sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim olunur. Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyinin stendində bu qurumun yaxın gələcək üçün plan və proqramları barədə məlumat verilir. Builki sərgi “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənir. Tədbir çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” mövzusunda seminar da təşkil olunacaq.
Sərgidə Azərbaycanın 17 ali təhsil müəssisəsinin stendləri yer alıb. Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edirlər.
Ümumilikdə sərgi çərçivəsində bakalavriat, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilir. Buraya gələnlər aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər. Sərgidə 9-11-ci sinif şagirdləri, tələbələr, valideynlər, təhsil sahəsinin peşəkarları iştirak edirlər.
Qeyd edək ki, “Education 2017” ilə yanaşı, XI Azərbaycan beynəlxalq karyera (“Career 2017”) sərgisi də təşkil olunub.
Sərginin baş sponsoru respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”dır. Sərgi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.
On birinci Azərbaycan beynəlxalq təhsil sərgisi oktyabrın 8-dək davam edəcək.