Bakıda tullantıların idarəolunması sahəsində uşaqların ikinci beynəlxalq konfransı keçirilir
Bakı, 15 noyabr (AZƏRTAC). 15 noyabr - Tullantıların Çeşidlənməsi Günüdür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində noyabrın 15-də Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə.” (“Reuse. Reduce. Recycle.”) şüarı altında uşaqların ikinci beynəlxalq konfransı öz işinə başlamışdır.
Tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və Özbəkistanın ekologiya və ətraf mühit sahəsinə maraq göstərən şagirdləri iştirak edirlər.
Üç gün davam edəcək konfransın keçirilməsində məqsəd uşaqların ətraf mühitin mühafizəsində iştirakı, onlara tullantıların düzgün zərərsizləşdirilməsi metodlarının öyrənilməsi, eləcə də məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaət mövzularında müzakirələrin aparılması və bununla da məlumatlılıq səviyyəsinin artırılmasıdır. Müxtəlif ölkələrin məktəbliləri arasında tullantıların idarəolunması sahəsində bilik mübadiləsinin aparılması da konfransın əsas hədəflərindəndir.
Beynəlxalq konfransda qeyri-ənənəvi təhsil metodlarından da istifadə olunur. Konfransın sessiyaları və panel diskussiyaları tamamilə uşaqların özləri tərəfindən təşkil edilir. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri və müstəqil ekspertlər tərəfindən müzakirə xarakterli seminarlar keçirilir.
Tədbirdə “Təmiz Şəhər” ASC-nin idarə heyəti sədrinin müavini Etibar Abbasov təmsil olunduğu qurumun fəaliyyəti barədə məlumat vermişdir.
Noyabrın 16-da məktəblilərin Bakı şəhərində tullantıların idarə edilməsi sistemi ilə əyani tanış olması üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarına ekskursiyası təşkil ediləcəkdir.
Konfransın keçirilməsinə “EkoSfera” İctimai Birliyi tərəfindən təşkilati dəstək göstərilir.
Qeyd edək ki, tullantıların idarəolunması sahəsində uşaqların birinci beynəlxalq konfransı 2012-ci il noyabrın 15-16-da Qala qəsəbəsində keçirilmişdi.