Bakıda Türkmənistanın milli bayramı qeyd olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 23-cü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirildikdən sonra səfir Toyli Komekov ölkəsinin müstəqillik tarixindən danışıb.
Türkmənistanı və Azərbaycanı qarşılıqlı hörmət, səmimiyyət prinsipləri üzərində qurulmuş dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini söyləyən səfir qeyd edib ki, bu əlaqələrin yaradılmasında iki xalqın əsrlər boyu davam edən mədəni, milli ənənələrinin böyük rolu var. Diplomat ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində dövlət başçılarının görüşlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir, həmçinin Türkmənistan, Azərbaycan, Türkiyə xarici işlər nazirlərinin görüşlərinin əlaqələrimizin inkişafına təkan verdiyini qeyd edib.
T.Komekov bildirib ki, dövlətlərarası münasibətlərin inkişafının əsas amillərindən biri də ticari-iqtisadi əlaqələrin genişləndirilməsidir. İqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan hökumətlərarası Komissiyası bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Türkmənistan xalqını milli bayram münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edən Baş nazirin müavini İsmət Abasov ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışıb. Baş nazirin müavini bildirib ki, Azərbaycan ilə Türkmənistanı bütün sahələrdə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. İsmət Abasov ölkələrimiz arasında strateji əməkdaşlığın genişləndiyini vurğulayıb.
Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafının bundan sonra da davam edəcəyini bildirən Baş nazirin müavini siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı münasibətlərin genişlənməsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.