Bakıda xarici dillərin tədrisinin aktual problemləri ilə bağlı Beynəlxalq konfrans keçirilir
Bakı, 6 may (AZƏRTAC). Mayın 6-da Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, konfransı açan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən danışmışdır.
Ümummilli Liderin təhsilin inkişafına daim böyük önəm verdiyini diqqətə çatdıran rektor, eyni zamanda, rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər və qazanılan uğurlar barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.
S.Seyidov demişdir ki, Azərbaycan dövlətinin bu universitetə diqqət yetirməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bu təhsil ocağında çalışan mütəxəssislər Azərbaycanı dünyaya tanıdırlar. Bu universitetin məzunları bir sıra dövlət qurumlarında, o cümlədən diplomatik korpuslarda fəaliyyətlərini uğurla davam etdirirlər.
Konfransda Təhsil Nazirliyinin şöbə müdiri İlham Mustafayev, Milli Məclisin deputatları Nizami Cəfərov, Elmira Axundova və Asim Mollazadə çıxış edərək indiki qloballaşma şəraitində təhsilin önəmli rolundan bəhs etmiş, xarici dillərin dərindən öyrənilməsinin vacibliyini bildirmiş, habelə xarici dillərin tədrisi problemləri ilə bağlı yeni metodların öyrənilməsi və yayılması baxımından konfransın əhəmiyyətini vurğulamışlar.
Böyük Britaniyanın, Koreya Respublikasının, Rusiyanın, ABŞ-ın, Türkiyənin və Almaniyanın aparıcı universitetlərinin mütəxəssisləri məruzələrlə çıxış etdikdən sonra müzakirələr aparılmışdır.
İki gün davam edəcək konfransın işi “Formal və qeyri-formal təhsildə xarici dil təliminin müasir problemləri”, “Xarici dil təlimində informasiya-kommunikasiya texnologiyaları: üstünlüklər və çətinliklər” və “Xarici dil təlimində innovativ metod və tələbələrin qabiliyyətlərinin qiymətləndirilməsi” üzrə bölmə iclaslarında aparılacaqdır.
Konfransda yerli və xarici mütəxəssislərin 160-dək məruzəsi dinləniləcəkdir.