Bakının Nizami rayon ictimaiyyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir
Bakı, 31 mart (AZƏRTAC). Bakının Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı ilə birlikdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirir. Bu tədbirlər çərçivəsində Nizami rayon ictimaiyyətinin bir qrup nümayəndəsi, YAP Nizami rayon təşkilatının fəalları və gəncləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti kütləvi məzarlığa gələrək soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildirmişlər.
Məlumat verilmişdir ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlamış, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.
Bildirilmişdir ki, bu məzarlıq erməni qəsbkarlarının iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan və ötən il sentyabrın 18-də Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olmuşlar.
Məlumat verilmişdir ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer almışdır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımıları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da vardır.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qeyd etmişlər ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır.
Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Məhz ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Fondun atdığı bu addımlar tarixi əhəmiyyəti ilə seçilir.