“BAKININ SİMASI” MÖVZUSUNDA FOTOMÜSABİQƏ-SƏRGİ KEÇİRİLMİŞDİR
Müsabiqə-sərginin yekun mərhələsində Bakının tanınmış 30-dan çox foto ustasının 44 işi nümayiş etdirilir.
Tədbirin keçirilməsindən məqsəd paytaxtımızın simasında baş verən dəyişiklikləri obyektiv əks etdirmək, onun görkəmindəki müsbət və mənfi cəhətləri diqqətə çatdırmaq, Bakının taleyinə məsuliyyətli münasibət formalaşdırmaqdır.
Münsiflər heyətinin qərarına əsasən müsabiqə-sərginin qaliblərinə (Akif Ağayev birinci, İlqar Cəfərov (AZƏRTAC), Sənan Ələsgərov ikinci, Olqa Məmmədova, Bahadur Cəfərov, Ələkbər Ağasıyev üçüncü yerlərə layiq görülmüşlər) diplomlar və pul mukafatları, yekun mərhələsinin iştirakçılarına sertifikatlar verilmişdir.
Münsiflər heyətinin tərkibinə qatılmış “Röyter” agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı da qaliblərə mükafat vermişdir.
Mərasimdə fotoqraflar arasında belə müsabiqə-sərginin hər il keçiriləcəyi vurğulanmışdır.
Sərgi iyunun 7-dək davam edəcəkdir.