“Baku Guide” bələdçi kataloqunun noyabr sayında...
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən “Baku Guide” bələdçi kataloqunun noyabr nömrəsi işıq üzü görüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Bakı haqqında hər şey” (“All about Baku”) konseptində, Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşr hər yeni nömrəsində oxuculara zəngin və dolğun materiallar təqdim edir.
Paytaxtımıza təşrif buyuran turistlərin və aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinlərinə təqdim olunan kataloqda Bakının teatr və konsert salonlarının, kino mərkəzlərinin noyabr ayı üçün geniş repertuarı, III Beynəlxalq Teatr Konfransı haqqında məlumat, Heydər Əliyev Mərkəzində Bernard Buffetin sərgisi, Muzey Mərkəzində Aleksandra Kukinovanın farfor kuklalar sərgisi və digər mədəniyyət tədbirləri barədə informasiya və afişalar yer alıb.
Nəşrdə Bakının küçə və meydanları, şəhər və şəhərətrafı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatları, ünvan və əlaqə telefonlarını əldə etmək olar. Tarixi abidələr bölməsində İçərişəhər, Qobustan, Yanardağ, Qala qoruqları haqqında üç dildə materiallar verilib.
Bakı Beynəlxalq Caz Festivalında uğurlu çıxışı ilə seçilən Kreyq Tebornun təəssüratları, XIX əsrin sonu-XX əsrin əvvəlində Nobel qardaşlarının Bakıda fəaliyyəti, 9 noyabr - Dövlət Bayrağı Günü ilə bağlı yazılar da oxuculara təqdim olunub.
Hər sayda yenilənən “Milli mətbəx” rubrikasının, eləcə də “Bakıdan xatirə”, “Bakını “City Sightseeng”lə kəşf edin” və digər bölmələrin materialları da maraq doğuracaq.
Şəhərimizin gənc əcnəbi qonaqları da diqqətdən kənarda qalmayıb. Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılıb.