Balakəndə Silahlı Qüvvələr Günündə şəhidlərin xatirəsi anılıb
Balakən, 26 iyun, AZƏRTAC
Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov qeyd edib ki, 26 İyun – Silahlı Qüvvələr Günü xalqımızın qürurla qeyd etdiyi əlamətdar tarixlərdəndir. Milli ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndər Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olmuşdur. Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri olmaqla dövlətimizin müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilib, nəticədə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib.
Digər çıxış edənlər, Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev, “Azərbaycan bayrağı” ordenli ehtiyatda olan mayor Aydın Abdullayev, Qarabağ müharibəsi qazisi Sarvan Şibliyev, I Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Cavanşir İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl islahatlardan, Vətən müharibəsində və sonrakı dövrdə əldə olunmuş tarixi nailiyyətlərdən bəhs ediblər.
Müxbir - Rasim İslamoğlu