Balakənin təhsil müəssisələrində dezinfeksiya işləri yekunlaşmaq üzrədir
Balakən, 6 mart, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun ümumtəhsil müəssisələri və uşaq bağçalarında koronavirus infeksiyasının yayılmasına qarşı dezinfeksiya işləri yekunlaşmaq üzrədir. Bu günədək 25 uşaq bağçası, 2 peşə, 2 musiqi və 47 ümumtəhsil məktəbində dezinfeksiyaedici tədbirlər tam başa çatdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, martın 7-də daha 2 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar müəssisədə dezinfeksiya işləri aparılmaqla, rayonun ümumtəhsil müəssisələrində dezinfeksiyaedici tədbirlər tam yekunlaşacaq.