BANKLARIN NİZAMNAMƏ KAPİTALI 29 FAİZ ARTMIŞDIR
Noyabr ayının 1-nə bankların nizamnamə kapitalının ümumi həcmi 931,8 milyard manata bərabər olmuşdur. Bu, 2003-cü ilin həmin dövrünə nisbətən 29,04 faiz çoxdur.
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, hazırda bank əməliyyatları aparmaq üçün 110 kredit təşkilatının lisenziyası vardır. Bunlardan 67-i qeyri-bank kredit təşkilatıdır. Respublikada 43 bank, o cümlədən, xarici kapitalın iştirakı ilə 15 bank fəaliyyət göstərir. Xarici kapital 5 bankın nizamnamə kapitalının 50 faizdən 100 faizə qədərini, 9 bankın nizamnamə kapitalının isə 50 faizdən az hissəsini təşkil edir. 2004-cü il noyabrın 1-nə ümumi nizamnamə kapitalının 140 milyard manatı dövlət banklarının, 791,8 milyard manatı isə özəl bankların payına düşür. Xarici kapitalın iştirakı ilə yaradılmış bankların nizamnamə fondu 333,6 milyard manat və ya ümumi nizamnamə fondunun 35,8 faizinə bərabərdir. Orta hesabla 1 banka düşən nizamnamə fondu 21,7 milyard manat təşkil edir.