BANKNOT FABRİKİ VƏ ZƏRBXANA İLƏ TANIŞLIQ
Milli geyimli qızlar dövlətimizin başçısına gül dəstəsi təqdim etdilər.
Ukrayna Milli Bankının sədri Sergey Tigipko Prezident İlham Əliyevə 1993-cü ildə tikilmiş kompleks haqqında məlumat verdi. Bildirildi ki, ümummilli liderimiz Heydər Əliyev də 1997-ci ildə Ukraynaya rəsmi səfəri zamanı burada olmuş, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır. Burada Azərbaycan Respublikasının sifarişi ilə qızıl sikkələr də kəsilmişdir.
Kompleksin ümumi sahəsi 83 hektardır. Buradakı müasir standartlara cavab verən banknot fabriki və zərbxana 1993-cü ildə inşa edilmişdir. Hazırda burada milli valyuta, istiqraz vərəqələri və digər qiymətli kağızlar, dövlət mükafatları – orden və medallar buraxılır.
Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Zərbxananın məhsulları böyük təəssürat yaradır və ən yüksək beynəlxalq standartlara cavab verir. Təqdim olunan nümunələrlə böyük maraqla tanış oldum. Fürsətdən istifadə edərək, qardaş Ukrayna xalqına dərin hörmətimi ifadə etmək istəyirəm. Dövlət çərçivəsində mənə göstərilmiş qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Əminəm ki, ölkələrimizin xalqları arasında olan ənənəvi dostluq əlaqələri inkişaf edəcək və möhkəmlənəcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
3 iyun, 2004-cü il”.
Sonra Ukrayna Milli Bankının sədri dövlətimizin başçısına xatirə
hədiyyəsi təqdim etdi.