ELM VƏ TƏHSİL
BANM: Azərbaycan Finlandiyada ilk dəfə təmsil olunduğu yarışda qalib gəldi
Bakı, 27 noyabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Evergreen” komandası Finlandiyada keçirilən “Junction 2024” hakatonunda qalib gəlib. Nəticədə ölkəmiz Finlandiyada ilk dəfə təmsil olunduğu yarışda tarix yazıb.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Komanda üzvləri informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Vüqar Abdullayev və İsmayıl Məmmədzadə, eləcə də informasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Gültac Seyiddir. Mentoru isə İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihad Əlilidir. Onlar “Fingrid” tərəfindən təşkil edilən “Empowering Development Transparency” (İnkişafın şəffaflığını gücləndirmək) adlı çağırışda qalib gəlib və 1500 avroluq mükafata sahib olublar. “Evergreen”in “Aligned” layihəsi B2B müştərilərinin proqram təminatındakı yeniliklərdən xəbərdar olmalarını, funksional tələbləri izləmələrini və inkişaf mərhələlərini real vaxtda görmələrini təmin edən mərkəzləşdirilmiş bir platformadır.
“Junction 2024” 80-dən çox xalqı təmsil edən, dünyanın müxtəlif yerlərindən gələn mindən çox seçilmiş iştirakçını bir araya gətirib. Tədbirdə 48 saat ərzində 250-dən çox layihə yaradılıb.
Komanda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “EESTEC Baku” tərəfindən təşkil olunan “JunctionX Baku’24” hakatonunun da qalibi olub.