Baş direktor: “CrowdStrike”in proqram təminatı ilə bağlı yaranan problemə kiberhücum səbəb deyil
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 19-da proqram təminatının yenilənməsi hava limanları, media, telekommunikasiya şirkətləri, banklar və səhiyyə sistemlərinin fəaliyyətini pozaraq dünyada kompüter sistemlərində problemlər yaradıb. Buna səbəb kiberhücum deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə “CrowdStrike”in baş direktoru Corc Kurts X sosial şəbəkəsində bildirib.
Nasazlıq səbəbindən ABŞ-ın “American Airlines”, “Delta Airlines” və “United Airlines” ən böyük hava yolları şirkətləri uçuşları dayandırıb, eyni zamanda dünyanın digər hava limanları gecikmələr və fasilələr barədə məlumat verib. Sinqapur, Honq-Konq və Hindistan hava limanlarından bildiriblər ki, nasazlığa görə bəzi aviaşirkətlər sərnişinləri əl ilə qeydə almağa məcbur olub.
Avstraliyadan Hindistana və Almaniyaya qədər olan banklar və maliyyə xidmətləri şirkətləri müştərilərə bu barədə xəbərdarlıqlar ediblər. Bütün bazarlardakı treyderlər isə əməliyyatlarla bağlı problemlər barədə məlumat yayıblar.
Böyük Britaniyada həkimlər tərəfindən istifadə edilən bilet bronlama sistemləri işləməyib, ölkənin ən böyük media şirkətlərindən biri olan “Sky News” isə yayımı dayandıraraq izləyicilərdən üzr istəyib. “Manchester United” futbol klubu isə X-də bildirib ki, planlaşdırılmış bilet satışlarını təxirə salmalı olub.
London Fond Birjası qeyd edib ki, onun RNS xəbər xidməti texniki problemlə üzləşib.
Danimarkanın paytaxtı Kopenhagendə avtomatik yanğın siqnallarının nasaz olduğu bildirilib, buna görə də yerli hakimiyyət orqanları yanğın baş verdikdə təcili xidmətlərə zəng vurmağa çağırıb.