BAŞIBƏLALI MEKSİKA JURNALİSTLƏRİ
Teleoperatorlar avqustun 6-da gecə yarısı Yunanıstan paytaxtının polis məntəqələrindən birinə gələrək, soyğunçuların hücumuna məruz qaldıqlarını bildirmişlər. Jurnalistlərin söylədikləri əhvalat hətta çox cinayətlər görmüş polisləri sarsıtmışdır.
Əhvalatsa belə olmuşdur. Teleoperatorlar Olimpiya stadionu yaxınlığında axşam gəzintisinə çıxırlar. Bilirdilər ki, bu rayonda varlılar yaşayır və o, sakit bir guşədir. Gözlənilmədən peyda olan iki nəfər meksikalıların yolunu kəsir və Olimpiadanın qonaqlarına hansısa vəsiqə təqdim edərək, ispanca birtəhər başa salırlar ki, xüsusi xidmət idarəsinin əməkdaşlarıdır və Kolumbiya narkomafiyasına qarşı əməliyyat aparırlar. Sonra telejurnalistlərin üst-başını yoxlayır və bu zaman onların pul kisələrinə xüsusi diqqət yetirirlər. “Əməliyyatçılar” bir söz deməyib pul kisələrini sahiblərinə qaytarır və aradan çıxırlar. Bundan şübhələnən meksikalılar, hər ehtimala qarşı, pul kisələrini yoxlayır və nə görsələr yaxşıdır: “Əməliyyatçılar” onların, üst-üstə, 1700 avrosunu və 100 Meksika pesosunu oğurlayıblar.
Hazırda Yunanıstan polisi, özünün dediyi kimi, Afina üçün bu qeyri-adi hadisəni araşdırır və dələduzların izinə düşməyə çalışır.