BDU-da dəyirmi masa: Heydər Əliyev və Azərbaycan ordusu
Bakı, 5 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Heydər Əliyev və Azərbaycan ordusu" mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə fakültə dekanı Afət Məmmədova müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Bildirilib ki, respublikamızda qazanılan uğurlar Ulu Öndər Heydər Əliyev siyasətinin bəhrəsidir. Müdrik rəhbər Heydər Əliyev ölkəmizin inkişaf strategiyasını müəyyən edib.
Sonra Qarabağ müharibəsi veteranı, mayor Muxtar Həşimov keçdiyi döyüş yolu barədə məlumat verərək qeyd edib ki, bu gün ölkəmizin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərin nəticəsidir.
Ehtiyatda olan polis polkovniki Adıgözəl Adıgözəlov, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor Vahid Salmanov, Aprel döyüşçüsü, ehtiyatda olan baş leytenant Tərlan Babaşov, Vətən müharibəsi əlili, ehtiyatda olan gizir Fərahim Əmirli, Şuşa döyüşlərinin iştirakçısı Qorxmaz Həsənov çıxışlarında keçdikləri döyüş yollarından danışıblar.
Sonra tələbələrdən Kəmaləddin Hüseynov “Aprel səhəri” şeirini, Ayxan Altay “Cənab leytenant” mahnısını ifa ediblər.