BDU ilə Qlazqo Universiteti arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Qlazqo Universitetinin Qlobal əməkdaşlıq üzrə dekanı professor Moyra Bolandla görüşü olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə rektor E.Babayev BDU-nun tarixi, elmi fəaliyyəti və beynəlxalq əlaqələri haqqında qonağa ətraflı məlumat verib. Universitetdə 16 fakültənin fəaliyyət göstərdiyini qeyd edən rektor BDU-da ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbənin təhsil aldığını bildirib. E.Babayev BDU-nun beynəlxalq əlaqələrində Avropa dövlətləri, o cümlədən Böyük Britaniyanın universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.
Professor Moyra Boland Qlazqo Universitetinin fəaliyyəti, o cümlədən beynəlxalq əlaqələri haqqında məlumat verib, ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb.
Sonra BDU ilə Qlazqo Universiteti arasında təhsilin müxtəlif istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə olunub. Qarşılıqlı anlaşma memorandumu əsasında tələbə, o cümlədən akademik və inzibati heyətin mübadiləsinin ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynaya biləcəyi vurğulanıb.