ELM VƏ TƏHSİL
BDU komandası Çində startap yarışmasında iştirak edir
Bakı, 31 oktyabr, AZƏRTAC
Çin Xalq Respublikasının Xian şəhərində “Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışması keçirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, yarışma Çinin Xian Jiaotong Universiteti (XJTU) və İpək Yolu Universitet İttifaqı (University Alliance of the Silk Road - UASR) tərəfindən təşkil olunub. Tədbirdə Yaponiya, İngiltərə, Türkiyə, Rusiya, Yeni Zelandiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 14 komanda və Çindən 22 komanda “Yaşıl texnologiyalar”, “Elmi innovasiya”, “Rəqəmsal texnologiyalar” və “Səhiyyə texnologiyaları” kateqoriyaları üzrə yarışır.
Beynəlxalq universitetlərarası startap yarışmasında Azərbaycanı təmsil edən yeganə komanda Bakı Dövlət Universitetinin (BDU) “DAIGNOSIS” komandasıdır. BDU komandası yarışmada tibdə süni intellektin tətbiqinə dair layihə ilə çıxış edir. Layihə həkim və xəstələri onlayn platformada bir araya gətirən mobil tətbiqdir. Mobil tətbiq daxilində ilkin simptomlara əsasən süni intellekt tərəfindən xəstələrə ilkin diaqnozun qoyulması, xəstəliyə ən uyğun həkimlərin seçilməsi, onlayn ilkin konsultasiyanın təşkili nəzərdə tutulub.