ELM VƏ TƏHSİL
BDU-nun 105 illik yubileyi çərçivəsində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təqdimatı olub
Bakı, 25 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təqdimatı keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev fakültənin tarixinə nəzər salıb. Qeyd edib ki, fakültə 1991-1992-ci illərdə yaransa da qısa zaman ərzində formalaşıb və məşhurlaşıb. Hazırda fakültənin məzunları dövlət və hökumət qurumlarında, diplomatik nümayəndəliklərdə ölkəmizi layiqincə təmsil edirlər: “Müasir dövrdə dünyada beynəlxalq məsələlər və iqtisadiyyat ən aparıcı sahələrdəndir. Bu sahədə ölkəmizi peşəkar, yüksəkixtisaslı kadrlarla təmin etmək üçün fakültənin üzərinə mühüm vəzifələr düşür. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ölkəmizin beyin mərkəzlərindən birinə çevrilməsini istəyirik. Son illər fakültənin tədris göstəriciləri ildən-ilə yaxşılaşır, yüksək balla qəbul olunanların sayı artır”.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev 17 ildən sonra BDU-da çıxış etməyin böyük fəxr olduğunu qeyd edib. O bildirib ki, ölkəmizin diplomatik korpusunun böyük əksəriyyətini BDU məzunları təşkil edir. BDU-nun ənənələri, mühiti, burada qazandıqları peşəkar bacarıqlar məzunların uğurlarının əsasını təşkil edir.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı isə bildirib ki, bu fakültədə bakalavriat səviyyəsində 9 ixtisas, magistratura səviyyəsində 18 ixtisaslaşma üzrə kadr hazırlanır. Beynəlxalq əməkdaşlıq çərçivəsində fakültədə ikili diplom proqramları və birgə tədqiqat layihələri həyata keçirilir. Bu yanaşma tələbələrin rəqabətədavamlı mütəxəssis kimi formalaşmasına və beynəlxalq arenada uğurla təmsil olunmasına şərait yaradır.
Daha sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Məhəmmədəli Xudaverdiyev çıxışlarında BDU məzunlarının ölkənin inkişafı istiqamətində fədakarlıq göstərdiklərini və bunun real nümunəsinin ölkəmizin ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdə aydın göründüyünü bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.