BDU-nun Tələbə Gənclər Təşkilatının sədri ATGTİ-nin sədr müavini seçilib
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) V hesabat-seçki konfransı onlayn formatda keçirilib.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildirilib ki, konfransda Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyası və Gənclər Fondunun nümayəndələri, universitet rektorları, rəsmi qonaqlar və tələbələr iştirak ediblər.
Tədbirdə ATGTİ-nin sədri vəzifəsini icra edən Faiq Məmmədov hesabat çıxışını təqdim edib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında gənclərin uğurlu fəaliyyətindən bəhs edərək təşkilatın hər zaman uğurlu layihələrə imza atdığını, nailiyyətlər əldə etdiyini vurğulayıb.
BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin gənclər siyasətindən bəhs edərək tələbə-gənclərin Vətən müharibəsi dövründə informasiya müharibəsi cəbhəsində göstərdikləri fəallıqdan söz açıb. Azərbaycanın bütün sahələrdə inkişafı, aparılan uğurlu gənclər siyasətindən danışan rektor Bakı Dövlət Universitetinin ölkənin kadr ehtiyatını təmin etməkdə mühüm rol oynadığını bildirib. O, ölkəmizdə gənclər siyasətinə və könüllülük hərəkatına böyük önəm verildiyini vurğulayıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük fəaliyyətində bacarıqların üzə çıxarılması, dövlətimiz tərəfindən tələbələrə göstərilən diqqət və qayğıdan söz açıb.
İclas təhsil nazirinin müavini Firidun Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Milli Məclisin deputatı Şahin İsmayılov və digər qonaqların çıxışları ilə davam edib. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğal altında olan torpaqlarımızı işğaldan azad etməsi münasibətilə təbrik nitqləri səsləndirilib. Bu zəfəri Azərbaycan xalqına yaşatdığına görə rəşadətli Ordumuz və Prezidentimizə təşəkkür edilib, eləcə də Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin, o cümlədən tələbələrin həm ön, həm də arxa cəbhədə fəaliyyəti yüksək qiymətləndirilib.
Sonra ATGTİ-nin gələcək fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Konfrans zamanı İttifaqa 2020/2022-ci illər üçün sədr, sədr müavini və İdarə Heyəti üzvlüyünə keçirilmiş seçkilərin nəticələri elan edilib. BDU-nun Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov ATGTİ-nin sədr müavini vəzifəsinə seçilib.