BDYPİ-nin nümayəndəsi: Avtomobillərin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə töhfə verir VİDEO
Bakı, 19 iyun, AZƏRTAC
Utilizasiya proqramı köhnə və texniki cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması yolu ilə həm yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə, həm də ətraf mühitə atılan zərərli tullantıların azaldılmasına mühüm töhfə verir.
AZƏRTAC xəbər verir ki, bunu Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Avtotexniki müfəttişlik şöbəsinin dövlət avtomobil müfəttişi Aslan Hacıyev deyib.
O bildirib ki, köhnə nəqliyyat vasitələrinin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin artırılmasına, texniki nasaz nəqliyyat vasitələrinin yollardan uzaqlaşdırılmasına, atmosferə atılan zərərli qaz və tullantıların azaldılmasına, ətraf mühitin qorunmasına, avtomobil parkının yenilənməsinə kömək edir.