BƏƏ-nin nüfuzlu “Al-Bayan” qəzetində Xocalı soyqırımına dair məqalə dərc edilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu “Al-Bayan” qəzetinin 23 fevral tarixli nömrəsində Xocalı soyqırımına dair məqalə dərc edilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir” başlıqlı məqalədə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı BƏƏ-dəki Azərbaycan diasporunun türk, ərəb və digər xalqların icmalarının iştirakı ilə keçirdiyi simpoziumdan bəhs olunmuşdur.
Yazıda vurğulanır ki, 366-cı sovet alayının dəstəyi və iştirakı ilə ermənilərin Xocalıda törətdikləri soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə
girov götürülmüşdür.
BƏƏ-dəki “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun Xocalı və erməni işğalı altında olan digər Azərbaycan torpaqlarının sakinlərinin qaçqın və məcburi köçkünə çevrilmələri, onların respublikanın 48-dək müxtəlif şəhər və rayonlarında məskunlaşmaları haqqında simpozium iştirakçılarına verdiyi məlumat da məqalədə öz əksini tapmışdır.
Yazıda vurğulanır ki, qaçqın və məcburi köçkünlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllini, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpa olunmasını səbirsizliklə gözləyirlər.