SİYASƏT
Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisi anılıb





Kiyev, 2 oktyabr, AZƏRTAC
Belarusda azərbaycanlı, Birinci Dünya müharibəsinin qəhrəmanı, “İlya Muromets-16” bombardmançı təyyarəsinin artilleriya zabiti Fərrux Ağa Qayıbov anılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev, səfirliyin əməkdaşları və hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Ağa Qayıbovun anadan olmasının ildönümü ilə əlaqədar olaraq, onun Belarusun Smorqonskiy rayonunda yerləşən məzarını və büstünü, eləcə də I dünya müharibəsində onun iştirakı ilə qəzaya uğrayan “İlya Muromeç-16” hava gəmisinin düşdüyü yerdə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Anım tədbirində çıxış edən səfir Ü.Baxşəliyev bildirib ki, Fərrux ağa Qayıbov tarixə təkcə qəhrəman kimi deyil, həm də Azərbaycanın ilk hərbi təyyarəçisi kimi düşüb. Onun təyyarəsi 105 il əvvəl, Birinci Dünya müharibəsi dövründə Kamenitsa kəndi ərazisində partlayıb. Səfir vurğulayıb ki, dünya müharibələri zamanı azərbaycanlı qəhrəmanlar Belarus ərazisində gedən döyüşlərdə böyük şücaət göstəriblər.
“İlya Muromets-16” təyyarəsinin 4 alman qırıcısı ilə döyüşdə həlak olmuş ekipaj üzvləri ölümlərindən sonra 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev