Belçikada Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyi fəaliyyətə başlamışdır
Bakı, 22 iyun (AZƏRTAC). Belçikada Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin fəaliyyətə başlanması ilə bağlı mərasim keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Avropada fəaliyyət göstərən azərbaycan-türk diaspor təşkilatlarının nümayəndələri, iş adamları, Azərbaycanın və Türkiyənin Belçikadakı səfirliklərinin əməkdaşları iştirak etmişlər.
İş adamı Abbas Ucar dərnəyin sədri seçilmişdir. O bildirmişdir ki, dərnəyin əsas məqsədi Azərbaycan həqiqətlərinin Avropada təbliğ etməkdir. Vurğulamışdır ki, dünya ictimaiyyəti Ermənistanın işğalçı və təcavüzkar dövlət olduğunu bilməli və BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri icra olunmalıdır. Bu gün bölgədə ədalətsizlik hökm sürür. Ermənilərə qarşı təzyiqlər artırılmalıdır ki, onlar işğalçılıq siyasətindən əl çəksinlər.
A.Ucar əlavə etmişdir ki, dərnək Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərəcəkdir. Dərnək, həmçinin xalqımızın adət-ənənələrinin təbliğ olunmasına da xüsusi diqqət yetirəcəkdir. Mədəniyyətimizi və milli dəyərlərimizi təbliğ etməklə Avropanın diqqətini Azərbaycana cəlb etməyə çalışacağıq. Çünki, bu gün erməni diasporu milli dəyərlərimizi mənimsəməklə məşğuldur.
Digər çıxış edənlər də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, ölkəmizin həqiqətlərinin Belçikada təbliğ edilməsinin vacibliyini vurğulamışlar.