BELÇİKADA XOCALI SOYQIRIMI İLƏ BAĞLI ETİRAZ AKSİYASI KEÇİRİLMİŞDİR
Brüssel, 26 fevral (AZƏRTAC). Azərbaycanın Belçika Krallığı və Lüksemburq Hersoqluğundakı səfirliyindən bildirmişlər ki, Azərbaycan və türk diaspor təşkilatları Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı tədbirlər keçirmişlər.
Əvvəlcə Avropa Parlamentinin binası qarşısında, gediş-gəlişin daha çox olduğu Şuman meydanında qurulmuş çadırda faciəyə həsr olunmuş sərgi açılmış, film nümayiş etdirilmişdir. Sərgiyə gələnlər İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına qoşulmuş və müvafiq sənədi imzalamışlar.
Sonra soydaşlarımız Ermənistan səfirliyinin qarşısında toplaşaraq, Azərbaycan torpaqlarının işğal edilməsinə etirazlarını bildirmiş, ərazilərimizin azad olunmasını tələb edən şüarlar səsləndirmiş və Ermənistan hökumətinə ünvanlanmış etiraz məktubunu səfirliyin əməkdaşına təqdim emişlər.
Buradan Avropa Parlamentinə doğru yürüş başlanmışdır. Yürüşü Şuman meydanında başa çatdırmış soydaşlarımız Avropa təsisatlarını Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına göz yummamağa, Xocalı soyqırımını tanımağa və Ermənistana təsir göstərməyə çağırmışlar.
Avropa İttifaqında sədrlik edən Çexiyanın Baş naziri Miroslav Topolanekə, Avropa Komissiyasının rəhbəri Xose Manuel Barrozaya və Avropa Parlamentinin sədri Hans-Gert Potteringə ünvanlanmış etiraz məktubları qurumun rəsmilərinə təqdim edilmişdir.
Brüsseldə keçirilmiş etiraz aksiyasına qonşu Hollandiyadan və Almaniyadan gəlmiş Azərbaycan və türk icmalarının nümayəndələri də qoşulmuşlar.
Həmin gün Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat bülleteni Belçikanın rəsmi qurumlarına, yerli kütləvi informasiya vasitələrinə, xarici ölkələrin Belçikadakı səfirliklərinə, Avropa İttifaqı və NATO yanındakı diplomatik nümayəndəliklərə göndərilmişdir.
Bu etiraz aksiyasının davamı olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə martın 3-də Avropa Parlamentinin binasında qurumun üzvü xanım Jizela Kalenbaxın himayəsi ilə Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcəkdir. Konfransda faciə barədə geniş məlumat veriləcək, sərgi və film nümayiş etdiriləcək, İslam Konfansı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasının internet səhifəsinin təqdimatı olacaqdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris