BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI TRENİNQLƏR KEÇİRİLƏCƏKDİR
Seçki komissiyaları üzvlərinin təlimatlandırılmasına və iş səriştəsinin artırılmasına yönəldilmiş həmin tədbirin təşkili ilə bağlı atrıq bir neçə ildir ki, Mərkəzi Seçki Komissiyası nəzdində treninq qrupu fəaliyyət göstərir. Mərkəzi Seçki Komissiyası Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun rəhbərlik etdiyi qrupun mütəxəssisləri beynəlxalq qurumların ekpertlərindən dəfələrlə təlim almış və beynəlxalq dərəcəli sertifikatlara malikdirlər.
Gün ərzində əsasən rayon mərkəzlərində 2-3 treninq sessiyası keçiriləcək və bu tədbirlərdə aşağı seçki komissiyaları üzvlərinin tam tərkibdə iştirakı nəzərdə tutulur. Treninq proqramı seçici siyahıları ilə iş, məntəqə seçki komissiyası üzvlərinin hüquq və vəzifələri, seçki sənədlərinin mühafizəsi, seçki prosesində aşkarlığın təmin olunması, müşahidəçilərin hüquq və vəzifələri, KİV nümayəndələrinin maneəsiz fəaliyyəti üçün imkan yaradılması, səsvermə prosesi və proseduraları və s. məsələlərin müfəssəl izahını əhatə edir. İnteraktiv treninqlər zamanı praktik məşğələlərdən və əyani vəsaitlərdən, habelə təqdimat üçün digər zəruri avadanlıqdan istifadə olunması nəzərdə tutulur.
Səsvermə günü seçki məntəqəsinin açılışına hazırlıq və məntəqənin açılışı, səsverməyə başlanılması və onun gedişində ortaya çıxan bilən müstəsna hallar, səsvermədə iştirak üçün tələb olunan müvafiq sənədlər, məhkəmənin qərarı ilə vətəndaşın seçicilər siyahısına əlavə edilməsi qaydası, seçki məntəqəsinin bağlanması, səslərin sayılması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması və s. məsələlər də proqrama daxil edilmişdir.