Bərdədə dekorativ-tətbiqi sənət nümunələrinin onlayn sərgi və satışı təşkil olunub
Bərdə, 18 mart, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsi dekorativ-tətbiqi sənət nümunələrinin onlayn sərgi və satışını təşkil edib.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu il dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (“creative.az”) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi olub. Bu mövzuya uyğun olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan şəhər və rayonlarda kreativ sənayenin inkişafı ilə bağlı davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilib. Bu kimi tədbirlərin davamı olaraq regional idarə üzrə Bərdə rayonunda yaradıcı insanların üzə çıxarılması və onların hazırladıqları əl işlərinin satışını həyata keçirilməsi məqsədilə yaradıcı insanların əl işlərindən ibarət onlayn sərgi və satış yarmarkası təşkil edilib.
Onlayn sərgi və satış yarmarkasında regional idarənin rəhbərliyi, mədəniyyət işçiləri və digər şəxslər iştirak edib. Çıxış edən regional idarənin rəisi mədəniyyət işçilərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, ən xoş və səmimi arzularını çatdırıb. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və bu kimi tədbirlərin davamlı keçirilməsi üçün rəhbərlik tərəfindən müvafiq göstərişlər verilib.
Qeyd edək ki, satış yarmarkalarının təşkil olunması yaradıcı insanların bu sahəyə olan maraqlarını daha da artırır və onlar hazırladıqları əl işlərini rahat şəkildə satışını həyata keçirirlər. Bu da öz növbəsində, onların maddi rifahının yüksəldilməsinə xidmət edir.