Bərdədə terror qurbanlarının xatirəsi anılıb
Bərdə, 28 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə raket hücumlarının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, terror aktı baş verən ərazidə qurulmuş xatirə lövhəsinin qarşısında təşkil edilən mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, həlak olanların ailə üzvləri və yaxınları iştirak ediblər.
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan raketlər nəticəsində həlak olmuş mülki insanların xatirə lövhəsinin önünə güllər düzülüb, xatirələri yad olunub.
Qeyd edək ki, Bərdə şəhərinin 2020-ci il oktyabrın 5-də, 8-də, 27-də, 28-də və noyabrın 7-də raket və ağır artilleriya ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla, 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.