Bərdədə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 21-ci ildönümü qeyd olunmuşdur
Bərdə, 20 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 21-ci ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatında tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan və qazanılan uğurlardan danışmışdır. Bildirmişdir ki, YAP Azərbaycanın son dərəcə ağır və böhranlı günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə tarixi zərurətdən yaranmışdır və partiyanın fəaliyyəti müasir tariximizin şərəfli səhifələrindən birini təşkil edir.
Qeyd olunmuşdur ki, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda amansız mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin iradəsini ifadə edən ziyalılar 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət ünvanladılar. Ulu Öndər bu müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çağırış xarakteri daşıyan məktubla cavab verdi. Bu çağırış YAP-ın, Heydər Əliyev ideyalarının ətrafında sıx birləşmiş yüz minlərlə insanın vahid siyasi məqsədinə, Azərbaycanın milli ideoloji məramına və proqramına çevrildi, müstəqil dövlət quruculuğunun ilk konsepsiyası oldu.
Tədbirdə bildirilmişdir ki, 1993-cü il martın 13-də 185 nəfər təəssübkeşin iştirakı ilə təsis edilən YAP Bərdə rayon təşkilatı hazırda öz ətrafında 10 min 257 nəfər partiya üzvünü birləşdirir. Onlardan 4052 nəfəri qadın, 2865 nəfəri isə gənclərdir. Bu ilin ötən 9 ayı ərzində partiya sıralarına 246 nəfər qəbul olunmuşdur. YAP Bərdə rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak edir.
Çıxışlarda YAP-ın nüfuzlu siyasi qüvvəyə çevrilməsində partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunmuş, Ümummilli Liderin siyasi xəttinin bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələrindən biri olduğu vurğulanmışdır.
YAP Bərdə rayon təşkilatı sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilmiş, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərmanlar verilmişdir.
Tədbir məktəblilərin ifasında kompozisiya ilə başa çatmışdır.