BERLİN TELEKANALININ TAMAŞAÇILARI ÜÇÜN “VƏTƏNİM” VERİLİŞİ
Bakı, 22 dekabr (AZƏRTAC). Berlinin “ALEX” telekanalında hər bazar günü Azərbaycan dilində “Vətənim” adlı ikisaatlıq veriliş yayımlanır. Verilişin yaradılması təşəbbüsünü son 6 ildə Almaniyada yaşayan, ali rejissorluq təhsili almış həmvətənimiz Naibə Tural irəli sürmüşdür.
Bu ilin payızında o, “ALEX” telekanalının baş direktoru Devid Xolettseqə məktubla müraciət edərək, Almaniyada yaşayan azərbaycanlılar üçün veriliş təşkil olunmasını xahiş etmişdir. Federal telekanalın rəhbərliyi bu təşəbbüsü dəstəkləmiş və noyabrın 15-də Berlinin efir şəbəkəsində əvvəlcə Azərbaycanın Dövlət Himni səslənmiş, sonra isə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının əzəmətli uvertürasının sədaları altında böyük bir aləmə - Azərbaycanın musiqi, poeziya və elm aləminə kiçik pəncərə açılmışdır.
Naibə Tural və onun həmməsləkləri Reyhan Qasımova, Kəmalə Boytel və Həsən Abbasov “Vətənim” verilişi üçün materialları xüsusi diqqətlə seçir, alman dilində titrlər hazırlayırlar. Axı bu verilişin təşkilatçısının öz qarşısına qoyduğu məqsədlərdən biri də almanları bizim xalqın zəngin mədəniyyəti ilə tanış etməkdir. Verilişdə ifa olunan xalq mahnılarını, səslənən populyar musiqini əks etdirən arxiv kadrlarını Azərbaycanın İctimai Televiziyası təqdim edir.
“Vətənim”in indiyə qədər efirə çıxmış buraxılışlarında Azərbaycanın xalq şairləri Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürkün yaradıcılığı haqqında süjetlər, xalq yazıçısı Elçin ilə müsahibə göstərilmişdir. Almaniyada yaşayan balaca azərbaycanlılar da unudulmamışdır. Onlar üçün hər verilişdə nağıl danışır, cizgi filmləri, o cümlədən həmvətənimiz, istedadlı multiplikator Məsud Pənahinin yaratdığı cizgi filmləri nümayiş etdirilir. Verilişlərdə Azərbaycanda məskunlaşmış müxtəlif milli azlıqların mədəniyyəti və ənənələri barədə də məlumat verilir.
Telekanalın rəhbərliyi həmin verilişin mədəni-maarifçilik xarakterli olması barədə şərt irəli sürdüyünə baxmayaraq, Naibə Tural Azərbaycanın görkəmli saz və söz ustası, vaxtilə Göyçədə, indiki Ermənistan ərazisində yaşamış aşıq Ələsgər haqqında süjetdə Ermənistan-Azərbaycan münaqişəsinin kökləri, ermənilərin əsrlər boyu Azərbaycan ərazilərinə sahib çıxmaq iddiaları barədə də söhbət açmağa nail olmuşdur.
“Vətənim” verilişinin elektron ünvanına tamaşaçılardan, o cümlədən bu veriliş sayəsində doğma yurdumuz Azərbaycanı özləri üçün “kəşf edən” almanlardan tez-tez məktublar daxil olur.