Berlində “Şuşa – ağrılar şəhəri” adlı anma gecəsi keçirilmişdir
Bakı, 11 may(AZƏRTAC). Azərbaycanın Almaniyadakı səfirliyi, Berlindəki Azərbaycan Evi və Azərbaycanlıların Almaniyadakı Əlaqələndirmə Mərkəzinin (AAƏM) birgə təşkilatçılığı ilə “Şuşa - ağrılar şəhəri” adlı anma gecəsi keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Berlindəki Azərbaycan Evində keçirilən tədbirdə AAƏM-nin icraçı direktoru Samira Patzer-İsmailova 1992-ci il mayın 8-də Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırlatmışdır.
Ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov Şuşanın tarixi, onun Azərbaycanın həyatındakı əhəmiyyətli rolu və ölkə mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etməsi ilə bağlı məlumat vermişdir. Səfir Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşanın sakinlərinin artıq 20 ildir ki, ölkənin müxtəlif şəhər və rayonlarda məskunlaşdıqlarını bildirmişdir.
BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin hələ də icra olunmadığını vurğulayan diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar və Prezident İlham Əliyevin məsələni sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylər barədə qonaqları məlumatlandırmışdır.
Potsdam Universitetinin professoru Vilfrid Fuhrman çıxışında 20 ilin uzun və ağrılı bir müddət olduğunu bildirmişdir. O, bu illər ərzində Şuşanın ağrılar və kədər şəhərinə çevrildiyini demiş, bununla o, heç də fiziki ağrıları deyil, Şuşaya vurulan mədəni və mənəvi zərbələri nəzərdə tutduğunu bildirmişdir. V.Fuhrman Ermənistanın Şuşanı işğal etməklə həm də Azərbaycana qarşı mədəni soyqırımı törətdiyini vurğulamışdır. Professor bu cür tədbirlərin Almaniyada keçirilməsinin vacibliyini qeyd etmiş və Şuşanın azad edilməsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin siyasətçilərin, o cümlədən alman siyasətçilərinin və gənc nəslin əlində olduğunu demişdir.
Sonra Şuşanın mədəni və tarixi abidələrini, onun işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən “Şuşa” sənədli filmi nümayiş etdirilmişdir.
Səfirliyin və AAƏM-nin əməkdaşlarının, ASN Tələbə və Gənclər Təşkilatının idarə heyətinin, Azərbaycan diasporunun təmsilçilərinin, alman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir çərçivəsində “Şuşanın dağları - başı dumanlı” adlı video da təqdim olunmuşdur.