BERLİNDƏ “XƏZƏRDƏ NEFT VƏ QAZ SİYASƏTİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Rumıniya, Moldova, Yunanıstan və Polşanın Almaniyadakı səfirlərinin və diplomatik missiyalarının nümayəndələrinin, eləcə də Almaniya Beynəlxalq Siyasət İnstitutunun, Elm və Siyasət Fondunun Qafqaz və Xəzər bölgəsi üzrə siyasətçilərinin, Berlin Azad Universitetinin, Humboldt Universitetinin, Almaniya Şərq İnstitutunun, Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin mütəxəssislərinin iştirak etdikləri tədbirdə Norveç İdarəçilik İnstitutu və STATOYL enerji şirkəti ekspertlərinin mövzu ilə bağlı məruzələri dinlənilmişdir.
Norveçli mütəxəssislər Norveç modeli və onun transformasiyası, Şimal dənizi regionunda neft və qaz sənayesinin inkişafı və milli maraqların təmin olunması barədə ətrafl məlumat vermişlər.
Tədbirə sədrlik edən Berlin Azad Universitetinin professoru, “Xəzər bölgəsində enerji siyasəti” layihəsinin elmi rəhbəri Luts Mets çıxışında vurğulamışdır ki, elmi-tədqiqat qrupunun Xəzər bölgəsi dövlətləri arasında Azərbaycanla əməkdaşlığa üstünlük verməsi bu respublikanın regionun neft-qaz hasilatı və nəqli siyasətində oynadığı aparıcı rolu ilə bağlıdır.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov respublikamızın enerji siyasəti, neft və qaz strategiyasının mahiyyəti, enerji mənbələri, əsas ixrac marşrutları, neft və qaz nəqlinin rentabelliliyi barədə ətraflı məlumat vermişdir. Səfir neft strategiyasının Azərbaycanın sürətli iqtisadi dirçəlişində, neft sektorunun qeyri-neft sektorunun inkişafında mühüm rol oynadığını bildirmişdir. O demişdir ki, regionda üzləşdiyi siyasi, iqtisadi və ekoloji çətinliklərə baxmayaraq, Azərbaycan neft strategiyasını uğurla reallaşdırır.
Tədbirdə Azərbaycan mütəxəssisləri də elmi məruzələrlə çıxış etmişlər. Xarici İşlər Nazirliyinin əməkdaşı Anar Hüseynovun “Azərbaycanın neft siyasəti və strategiyası”, Bakı Dövlət Universitetinin müəllimi Bəxtiyar Aslanbəylinin “Azərbaycanın neft və qaz sənayesində xarici sərmayəçilərlə imzalanmış beynəlxalq müqavilələr: hasilatın pay bölgüsü və vergitutma məsələləri” mövzusunda məruzələri maraqla qarşılanmışdır.
Tədbir fevralın 3-də başa çatmışdır.