İQTİSADİYYAT
Bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

Bakı, 30 sentyabr, AZƏRTAC
Bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələri ilə bağlı digər məlumatlarla yanaşı, bu mənbələrdən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə güc, istehsal, istehsal nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcminə dair rüblük və illik məlumatların təqdim olunmasını təmin edəcək və qiymətləndirmə əsasında bərpaolunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq sahələrinin atlasını özündə əks etdirəcək.