MƏDƏNİYYƏT
Beş opera teatrı azərbaycanlı dirijorla bərabər
![](/files/galleryphoto/2023/1/1200x630/16820477755236165525_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16820477755128722794_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16820477756087755700_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1682047775825553360_1200x630.jpeg)
Bakı, 21 aprel, AZƏRTAC
Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin ən məşhur sənət əsərlərindən olan “Riqoletto” operasının böyük uğura səbəb olan ifası gerçəkləşib. Məşhur rejissor Mixail Pancavidzenin quruluşunda gedən tamaşada baş rolları dünya şöhrətli bariton, Mariinski Teatrının solisti Vladislav Sulimski (Riqoletto), Tatarıstanın Əməkdar artisti Venera Protasova (Cilda) və “Sankt-Peterburq Opera” teatrının solisti Yaromir Nizamutdinov təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, operanın musiqi rəhbəri qismində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dəvət olunub. Azərbaycanlı dirijorla bərabər əsərin ifasında digər tanınmış ifaçılar - Şimali Osetiyanın Xalq artisti Mixail Kolelişvili, Tatarıstanın Əməkdar artistləri Artur İslamov, Svetlana Smirnova və Aydar Nurqayanov da yer alıblar.
Qeyd edək ki, tamaşa anşlaqla keçib və Kazanda böyük əks-sədaya səbəb olub. Aprelin 7-8-də daha bir opera şedevri - R.Leonkavallonun “Məzhəkəçilər” əsəri bu teatrda təqdim olunmuşdu. Beş nüfuzlu opera teatrı - Mariinski teatrı (tenor Ahmed Aqadi), Mixaylovski teatrı (soprano Valentina Fedeneva), Belarus Böyük teatrı (bariton Stanislav Trifonov), “Sankt-Peterburq Opera” (Vladimir Selebrovski) və Kazan Dövlət Opera Teatrının (soprano Gülnara Qatina) solistlərinin iştirakı yaddaqalan tamaşalar mədəniyyət hadisəsinə çevrilmişdi. Bütün tamaşalara azərbaycanlı dirijor Əyyub Quliyev rəhbərlik etmişdi.