REGİONLAR
Beş yüzə yaxın gənc təlimlərə cəlb olunub




Gəncə, 3 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin həyata keçirdiyi "Danış, səni tanısınlar!" layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək, səlis nitqin və düzgün özünüifadənin karyeranın formalaşmasına təsirləri barəsində ətraflı danışıb.
Tədbirdə "Danış, səni tanısınlar!" layihəsinin rəhbəri Eyyub Kərimli və səlis nitq üzrə mütəxəssis, təlimçi Cəlalə Nəzəroğlu layihənin məqsədindən və gənclərin özünü ifadə imkanlarının genişləndirilməsinə dair təlimlərin əhəmiyyətindən söhbət açıblar. Bildirilib ki, əsas məqsəd gənclərdə səlis nitqin və düzgün özünüifadənin formalaşmasına yardım etməkdir.
Çıxış edənlər onu da diqqətə çatdırıblar ki, 5 region universitetini əhatə edən layihə çərçivəsində 500-ə yaxın gənc özünü ifadə imkanlarının genişləndirilməsinə dair təlimlərdən yararlana biləcək.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.