Bəşəriyyətə qarşı cinayət – Xocalı faciəsi
Qax, 25 fevral, AZƏRTAC
Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 23-cü ildönümü Qax rayonunun mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, mərkəzi kitabxanada keçirilən “Bəşəriyyətə qarşı cinayət - Xocalı faciəsi” mövzusunda “dəyirmi masa”da çıxış edənlər 23 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı siyasətinin tərkib hissəsi olduğunu bildiriblər.
Tədbir iştirakçılarına kitabxana işçilərinin hazırladıqları “Erməni terroru” və “Xocalı - XX əsrin faciəsi” mövzularında biblioqrafik məlumat bülletenləri paylanılıb.
Sonra iştirakçılar “Əsrin faciəsi” adlı sərgi ilə tanış olub, Xocalı faciəsinin dəhşətli anlarını əks etdirən filmə baxıblar.
Soyqırımının ildönümü ilə əlaqədar rayon mədəniyyət evində “Bir millətin səsi” adlı ədəbi-bədii kompozisiya da nümayiş etdirilib.