BEYLƏQAN RAYONU 2005-Cİ İLİ UĞURLA BAŞA ÇATDIRMIŞDIR
Müşavirə iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev hesabat məruzəsi ilə çıxış edərək ötən bir ildə qazanılmış nailiyyətlərlə yanaşı, qarşıya çıxan problemlərdən, yol verilmiş nöqsanlardan da ətraflı danışmışdır. Natiq qeyd etmişdir ki, son vaxtlar Beyləqan rayonunda iqtisadi islahatlar uğurla həyata keçirilir, əhalinin maddi rifah halının yaxşılaşdırıması istiqamətində məqsədyönlü tədbirlər görülür. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” fərmanlarından irəli gələn vəzifələr, bütün ölkədə olduğu kimi, Beyləqan rayonunda da uğurla həyata keçirilir. Rayonda sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi potensialın gücləndirilməsi, əhalinin məşğulluğunun təmin olunması, kənd təsərrüfatı məhsulları istehsalının artırılması, emal sənayesinin müasirləşdirilməsi 2005-ci ildə sanballı nailiyyətlərin qazanılmasına əlverişli şərait yaratmışdır. Təhsil, səhiyyə, rabitə, mədəniyyət, məişət xidməti, ictimai iaşə, ticarət və digər sahələrdə də məqsədyönlü tədbirlər həyata keçirilmiş, Beyləqan rayonunun abadlaşdırılması və inkişaf etdirilməsi, yaşayış məntəqələrində tikinti-abadlıq işlərinin genişləndirilməsi daim diqqət mərkəzində olmuşdur.
Natiq demişdir ki, son vaxtlar Beyləqan rayonunda aparılan tikinti-abadlıq, quruculuq işləri sakinlərin böyük sevincinə səbəb olmuşdur. Onlar qədim tarixə malik Beyləqanı nümunəvi şəhərə çevirmək təşəbbüsünə qoşularaq müxtəlif tədbirlərdə keçirilən ümumrayon iməciliklərində yaxından iştirak edirlər. Az vaxtda rayonun H.Əliyev, A.Əkbərov, S.Tağıyev küçələrində 51.000 kvadratmetr sahəyə asfalt örtük döşənmişdir. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda yenidənqurma işləri aparılmış, “Uşaq şəhərciyi” istifadəyə verilmiş, əraziyə 5.600 kvadratmetr üzlük daşı döşənmişdir. Parkda xalqımızın böyük oğlu Heydər Əliyevin əzəmətli abidəsi ucaldılacaqdır. Bu yaxınlarda “Şəlalə” dağ kompleksi tikilib istifadəyə verilmiş, “Əmək şöhrəti” abidəsinin ətrafı abadlaşdırılmışdır.
Müşavirədə qeyd olunmuşdur ki, ötən il rayondakı Şəfəq və Şərq qəsəbə, Allahyarlı kənd məktəblərində, 1, 2, 4 nömrəli şəhər məktəblərində 650 milyon manatlıqdan çox cari və əsaslı təmir işləri aparılmışdır. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 200 yerlik Soltanbud, 240 yerlik Mil kənd orta məktəbləri tikilib istifadəyə verilmişdir. Beyləqanlılar təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər. Son vaxtlar rayonda daha 5 yeni məktəb binası inşa olunub istifadəyə verilmişdir.
Beyləqanda aqrar islahatlar sürətləndirilmiş, 2005-ci ildə ondan əvvəlki ilə nisbətən 6 min ton çox pambıq toplanmış, əkin sahələri 1930 hektar artırılmışdır. Taxıl, üzüm, meyvə-tərəvəz, bostan və heyvandarlıq məhsulları xeyli çoxalmış, yeni emal müəssisələri yaradılmışdır.
Əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Birinci Aşıqlı, İkinci Şahsevən, Kəbirli, Dünyamalılar kəndlərində südün tədarükü, emalı və satışı sexləri, Qəhrəmanlı qəsəbəsində toxumtəmizləmə məntəqəsi, Birinci Şahsevən kəndində şəkər sexi, digər ticarət, ictimai iaşə, məişət obyektləri inşa edilib istifadəyə verilmişdir. Uzun fasilədən sonra “Aran-Qala” kərpic zavodunda istehsal prosesi bərpa olunmuşdur. Hazırda rayonda bir sıra obyektlərin tikintisi sürətlə davam etdirilir.
Müşavirədə qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2341 daimi iş yeri açılmışdır. Ötən il 850 daimi, 1364 müvəqqəti iş yeri yaradılmış, 13.500 nəfər mövsümi işlərə cəlb edilmişdir. Təkcə rayon əhalisinin elektrik enerjisi və içməli suya olan tələbatının ödənilməsi sahəsində də xeyli iş görülmüşdür. Yeni subartezian quyuları qazılmış, Yeni Beyləqan yarımstansiyası fəaliyyətə başlamış, 5 kənddə təzə transformator quraşdırılmışdır. 2006-cı ildə rayona təbii qazın verilməsi üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Müşavirədə rayon maliyyə şöbəsinin müdiri Məhəmmədəli Kərimov, təhsil şöbəsinin müdiri Tofiq Sadıqov, dövlət torpaq və xəritəçəkmə komitəsi rayon şöbəsinin müdiri Rəfail Pəsiyev, suvarma sistemləri idarəsinin rəisi Ələmşah Məmmədquliyev, mərkəzi rayon xəstəxanasının baş həkimi Zöhrab Quliyev, 3 nömrəli şəhər orta məktəbinin müəllimi Xuraman Rüstəmova, fermer Zakir Məmmədov və başqaları çıxış edərək 2005-ci ildə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Müşavirədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev çıxış etmişdir.
Yığıncağın iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Müşavirədə Prezidentin İcra Aparatının məsul işçisi Rəhim Məmmədov, Milli Məclisin deputatı Səfər Məmmədov iştirak etmişlər.