BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ ŞƏRƏFİNƏ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dekabrın 3-də Sumqayıtda Beynəlxalq əlillər günü ilə əlaqədar xeyriyyə naharı təşkil olunmuşdur.
Şəhər İcra Hakimiyyətinin, pensiya fondunun, habelə ictimai təşkilatların rəhbərləri müxtəlif əlillər qarşısında çıxış edərək bildirmişlər ki, 12 ildir bütün dünyada Əlillər günü qeyd olunur. Azərbaycanda isə 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə həmin gün xüsusi status almışdır. Dövlət başçısı İlham Əliyev bu xətti davam etdirərək, sağlamlığını itirmiş, əlil olmuş şəxslərə daim qayğı göstərir.
Sumqayıtda pensiyalar vaxtlı-vaxtında verilir, Böyük Vətən müharibəsi, Əfqanıstan, Çernobıl, Qarabağ müharibəsi əlillərinin və digər kateqoriyalardan olan əlillərin özlərini cəmiyyətdən kənar hiss etməmələri üçün mümkün olan bütün işlər görülür.
Şəhərdə fəaliyyət göstərən əlillər cəmiyyətləri və birliklərinin nümayəndələri əlillərə, ehtiyacı olan hər kəsə diqqət göstərilməsindən minnətdarlıq hissi ilə danışmışlar.
Həmin gün əlillərin ixtiyarına verilmiş “Ay işığı” restoranında səmimi ab-hava hökm sürürdü. Sumqayıtın bədii özfəaliyyət kollektivləri bayram münasibətilə maraqlı konsert proqramı ilə çıxış etmişdir.