BEYNƏLXALQ KONFRANSDA AZƏRBAYCANIN ATDIĞI ADDIMLAR YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Konfransda çıxış edən Azərbaycan Atatürk Mədəniyyət Mərkəzinin sədri, millət vəkili Nizami Cəfərov ŞKTR-in qorunub saxlanılmasının zəruriliyini bildirmişdir. O demişdir: “Şimali Kiprin itirilməsi sadəcə bir toplumun deyil, bütöv bir tarixin itirilməsi deməkdir. Kipr probleminin həllində uğur qazana bilməsək, bu, sadəcə Şimali Kipr Türk Respublikasının deyil, Türkiyənin, türk dünyasının və hətta, bütün dünyanın itkisi olacaqdır”.
Şimali Kiprin xarici işlər naziri Sərdar Denktaş isə onun ölkəsi ilə münasibət yaradan dövlətlərin təhdid edildiyini bildirərək söyləmişdir ki, Azərbaycanla əlaqələr qurduq, Yuxarı Qarabağ gündəmə gəldi. Qırğızıstanla əlaqələrimizdən sonra isə bu ölkəyə təcili olaraq Paris anlaşmasını imzalatdılar.
Azərbaycanın Şimali Kiprə yardımından bəhs edən Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Mevlut Çavuşoğlu Türkiyənin Avropa Birliyinə üzv olmaq naminə adanın türk hissəsindən vaz keçməyəcəyini vurğulamışdır. O demişdir: “Bu səbəbdən AB ilə müzakirələr kəsilərsə kəsilsin. Şimali Kiprə tətbiq olunmuş embarqolar aradan qalxmadıqca, təcridetmə siyasətinə son qoyulmayınca adanın yunan hissəsinin və AB-nin istəkləri yerinə yetirilməyəcəkdir”.
Konfransda qırğız millət vəkilləri də Şimali Kiprin təcrid olunmasına son qoyulması istiqamətində əllərindən gələni edəcəklərini bildirmişlər. Qırğızıstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Bakıt Bakatayev isə bu tədbirin Bişkəkdə təşkil olunması səbəbindən Yunanıstan və Kiprin yunan hissəsindən təhdid olunduqlarını söyləmişdir.
Afinanın Bişkəkdəki səfirliyinin müşaviri konfransı təşkil etdikləri üçün Bişkəkə nota verəcəklərini və Avropa Birliyinə şikayət edəcəklərini bildirmişdir.