BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR SEÇKİLƏRİN GEDİŞİNDƏN RAZI QALMIŞLAR
12 saylı məntəqədə səs verməyə gələnlərdən biri - pensiyaçı Rəna Yusifova AZƏRTAC-ın müxbirinə demişdir:
- Doğrudan da bu seçkilər əvvəlkilərdən fərqlənir. Sərbəstlik var. Hərə tanıdığı və etibar etdiyi namizədə səs verir.
Mən başqa bir məsələyə toxunmaq istəyirəm. Həyatımız gündən-günə yaxşılaşır. Pensiyalar artır, işsizlik tədricən aradan qalxır. Yaşımın bu çağında ən böyük arzum budur ki, ölkəmizdə əmin-amanlıq, sabitlik olsun. Qarmaqarışıqlıq salmaq istəyənlərə biz gərək aman verməyək. Sağ olsun Prezidentimiz ki, ötən ayın 17-də belə bir təhlükənin qarşısını aldı. Axı inkişaf, xoş günlərə qovuşmaq, firavan həyat qurmaq üçün sabitliyin olması başlıca şərtdir.
Səbail rayonunun bütün seçki məntəqələrində seçkilər bayram əhval-ruhiyyəsi şəraitində keçmişdir. 29 nömrəli Səbail rayon seçki dairəsinin sədri Cahangir Məmmədov demişdir ki, saat 14.00-dək rayon üzrə 10 min 968 nəfər səsvermədə iştirak etmişdir. Bu, seçicilərin ümumi sayının təxminən 25 faizini təşkil edir. O həmçinin bildirmişdir ki, seçki marafonu başlanandan komissiyaların tərkibinin formalaşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, namizədlərin qeydə alınması, treninqlər və digər maarifləndirici tədbirlər yüksək səviyyədə aparılmış, bu işlər yerinə yetirilərkən Azərbaycan Prezidentinin seçkilərlə bağlı Sərəncamlarının müddəalarına ciddi əməl olunmuşdur. Rayon seçki dairəsinin sədri onu da vurğulamışdır ki, müxtəlif siyasi partiyaları və blokları təmsil edən yerli müşahidəçilərdən əlavə ATƏT-in müşahidəçisi Reter Curley, Litva parlamentinin nümayəndəsi Zenonas Vaiqauskas, bir gün əvvəl isə MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Vladimir Ruşaylo rayondakı seçki məntəqələrində olmuş, seçkilərə hazırlığın vəziyyətindən və bu prosesin keçirilməsindən razı qaldıqlarını bildirmişlər.